Putin Qarabağı "ruslaşdırır" - BUNUN BAŞQA ADI YOXDUR...

Cəmiyyət
13 May 2022
10:04
Putin Qarabağı "ruslaşdırır" - BUNUN BAŞQA ADI YOXDUR...


Ağdərə şəhərində “Rus Mərkəzi” açılıb. Mərkəz rus dilinin və rus mədəniyyətinin öyrədilməsi ilə məşğul olacaq. Bu, Rusiyanın Qarabağda “rus icması” kartını yenidən istifadə etmək planının tərkib hissəsidir. Ermənistanda müxalifətin etiraz aksiyalarının fəallaşması fonunda rəsmi Moskvanın Qarabağda “rus icması” və “rus dili” kimi məsələləri yenidən gündəmə gətirməsi arasında paralellər müşahidə olunur.

Məqsəd son vaxtlar Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi və ikitərəfli formatda yaranmaqda olan sülh prosesinin qarşısını almaqdır. Yəni Rusiyanın Ermənistandakı aksiyalara gizli dəstəyi Baş nazir Nikol Paşinyana təzyiq etmək və onu sülh razılaşmasından çəkindirməyə xidmət edir. Lakin Rusiya Paşinyana axıra qədər güvənmir.

Ona görə də Qarabağdakı qondarma “Rus mərkəzi” yaratmaqla bölgəyə nəzarəti gücləndirmək istəyir. Xüsusilə də Ukraynadakı müharibədə geosiyasi mövqeləri zəifləyən Kreml Qərbin Cənubi Qafqazda artan aktivliyindən kifayət qədər narahatdır.

Bu baxımdan, Moskva bölgəni hərbi nəzarətdə saxlamaq üçün Qarabağda, guya rus icmasının olduğuna dair əsaslar formalaşdırmağa çalışır. “Rus icması”nı müdafiə etmək adı altında başqa ölkələrə müdaxilə etmək Rusiyanın işğalçılıq siyasətinin başlıca prinsipini təşkil edir. Bununla da Rusiya Qarabağdakı qondarma rejimi siyasi protektaratına çevirmək və separatizmi yenidən alovlandırmaq istəyir. Təbii ki, Moskvanın planlarında münaqişənin baş qaldırması sülhməramlı qüvvələrin Azərbaycan ərazisində daha uzun müddətə qalması üçün arqument yarada bilər.

Ancaq görünür, Rusiya bu dəfə Qarabağdakı erməni deyil, “rus icması”nın siyasi statusunu gündəmə gətirmək barədə düşünür. Bu isə Rusiyanın Azərbaycanla bağlı daha təhlükəli ssenarilər üzərində düşündüyünü deməyə əsas verir. Rusiya Azərbaycana və Ermənistana Kremlin razılıq vermədiyi sülhdən çəkinməyəcəkləri halda Qarabağda yeni gərginlik ocağının yaradılacağına dair mesaj verir. Dia.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında qeyd edib ki, Rusiyanın siyasi məqsədi Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesini pozmaqdır:

“Eyni zamanda, Kreml Qarabağın sülhməramlıların müvəqqəti nəzarət zonasında olan ərazislərin Rusiyaya məxsus olması barədə cəfəng fikirlər formalaşdırmağa çalışır”.

Ekspert onu da bildirdi ki, Ermənistan cəmiyyətində revanşist dairələrin sülh prosesini qəbul etmək istəməməsindən sui-istifadə edən Rusiya bölgədə gərginlik yaratmaq istəyir