Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT

Gündəm / Cəmiyyət
24 Nis 2026
10:49
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT

Novxanı ərazisində yerləşən “Santo Mare” restoran-otel kompleksində qanunsuz tikinti işlərinin yenidən aparıldığı iddia olunur.
Bizimesr.az bildirir ki, bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində, dənizkənarında yerləşən kompleksdə qanunsuz tikinti faktı aşkarlanmışdı.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumların iştirakı ilə aparılan tədbirlər nəticəsində qanunsuz tikili sökülmüşdü.
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT

Lakin Bizimesr.com-a daxil olan məlumata görə, həmin ərazidə yenidən tikinti, artırma və müxtəlif quraşdırma işlərinə başlanılıb. İddialara əsasən, bu dəfə də dənizkənarında - mühafizə zolağında, heç bir icazəverici sənəd olmadan tikinti işləri aparılır.
Qeyd edək ki, dənizkənarı ərazilərdə, xüsusilə mühafizə zolaqlarında qanunsuz tikinti ictimai sərvətin mənimsənilməsi və vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirilir. Son dövrlər Novxanı və ətraf ərazilərdə bu kimi halların artdığı qeyd olunur.
İddialara görə, “Santo Mare” MMC tərəfindən aparılan tikinti işləri zamanı yaşıllıqların məhv edilməsi faktları da qeydə alınıb. Baxmayaraq ki, əvvəlki müdaxilədən sonra işlər dayandırılmışdı, hazırda yenidən aktiv tikinti aparılması bu prosesin arxasında yüksək vəzifəli şəxslərin himayəsinin ola biləcəyi ehtimallarını gündəmə gətirir.
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT

Araşdırmalar zamanı məlum olub ki, kompleksin sahibləri arasında Sadiq adlı sahibkar və Naxçıvandan olan keçmiş nazirin adı çəkilir. İddia olunur ki, dəniz sahilində, qum üzərində hovuz və digər tikililər inşa edilir.
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT

Məsələ ilə bağlı “Santo Mare” restoran-otel kompleksi ilə əlaqə saxlamaq mümkün olsa da, qarşı tərəf hər hansı açıqlama verməyib. Eyni zamanda Sumqayıt Şəhər İcra Hakimiyyətindən və digər aidiyyəti qurumlardan da münasibət öyrənmək mümkün olmayıb.
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/novxanida-santo-marede-qanunsuz-tikinti-yeniden-davam-edir--videofakt-21369
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT

Qeyd edək ki, qarşı tərəfin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. Hadisə ilə bağlı videogörüntüləri təqdim edirik. İctimaiyyət ümid edir ki, məsələ ilə bağlı müvafiq qurumlar araşdırma apararaq qanunsuzluğun qarşısını alacaq.(Bizimesr.az)