Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?

Gündəm / Cəmiyyət
1 Haz 2026
12:54
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?

Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində ərazi hasarlanıb, tikinti meydançasında ağır tonnajlı yükqaldıran texnikalar fəaliyyət göstərir. Bildirilir ki, işlər hətta bayram günlərində də dayandırılmadan davam etdirilib.

Diqqət çəkən əsas məqam odur ki, tikinti aparılan ərazidə qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi quraşdırılmayıb. Ərazidə nəyin tikildiyi, sifarişçi qurumun kim olduğu, tikintiyə hansı əsaslarla icazə verildiyi və layihənin texniki göstəriciləri barədə heç bir məlumat verilmir.

Paytaxtın sıx yaşayış məntəqələrindən birində genişmiqyaslı tikinti işləri aparıldığı halda, niyə sakinlərə və mediaya layihə barədə məlumat təqdim edilmir?

Maraqlıdır ki, məsələ ilə bağlı müraciətlərə baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti də ərazidə hansı obyektin tikildiyi barədə aydın məlumat vermək istəmir. Halbuki tikinti proseslərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyətinin belə bir layihədən xəbərsiz olması inandırıcı görünmür.

Əgər tikinti qanuni əsaslarla aparılırsa, layihə barədə məlumatın ictimaiyyətdən gizlədilməsinin səbəbi nədir? Niyə ərazidə məlumat lövhəsi yerləşdirilməyib? Tikilən obyekt yaşayış binasıdır, kommersiya təyinatlı tikilidir, yoxsa başqa məqsəd daşıyır?

Şəffaflığın təmin olunması dövlət qurumlarının vəzifələrindən biridir. Xüsusilə də şəhərsalma və tikinti sahəsində ictimaiyyətin məlumatlandırılması həm qanunvericiliyin, həm də ictimai maraqların tələbidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Xətai Rayon İcra Hakimiyyəti sözügedən tikinti ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək, ərazidə hansı layihənin həyata keçirildiyinə aydınlıq gətirəcəklər.(Bizimesr.com )

Bizimesr.com məsələni diqqətdə saxlayır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/xetainin-merkezinde-sirli-tikinti---general-eliaga-sixlinski-kucesinde-ne-insa-edilir-21933