“İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
“İdeal Kredit” bank olmayan kredit təşkilatı (BOKT) və onun vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cərimə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı tətbiq edilib.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “İdeal Kredit” BOKT 50 min manat, onun vəzifəli şəxsi isə 6 min manat məbləğində cərimə edilib.
Sözügedən maddələr maliyyə institutlarında müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına, eləcə də daxili nəzarət proqramının tətbiqinə dair tələblərin pozulmasını əhatə edir.
Qeyd edək ki, bu, “İdeal Kredit”lə bağlı ilk belə hal deyil. 2025-ci ilin sentyabrında BOKT-un vəzifəli şəxsi həmin Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələri üzrə 2 500 manat cərimə edilmişdi.
“İdeal Kredit” 2003-cü ildən fəaliyyət göstərir. BOKT-un nizamnamə kapitalı 646,7 min manatdır. 2025-ci ildə şirkətin təsisçi strukturunda dəyişiklikdən sonra Qubad Qubadov və Eldar Hüseynovun hər biri BOKT-da 50% paya sahib olub.
BOKT 2025-ci ili 3 milyon manat xalis mənfəətlə başa vurub. İlin sonunda aktivləri 24,2 milyon manat, kredit portfeli 22 milyon manat, öhdəlikləri 13,8 milyon manat, balans kapitalı isə 10,4 milyon manat təşkil edib.