Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir.
Sonxeber.az-ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşdan 100 manat beh tələb edib və növbəti gün mənzilə baxış keçirə biləcəklərini bildirib.
Şikayətçinin sözlərinə görə, pul bank hesabına köçürüldükdən sonra həmin şəxs mənzili göstərməyib və ödənilən məbləği geri qaytarmayıb. Hazırda onun zənglərə və mesajlara cavab vermədiyi, əlaqəni kəsdiyi bildirilir.
Şikayətçinin əlində pul köçürməsini təsdiq edən bank qəbzi, WhatsApp yazışmaları və səsli mesajlar, şəxsin istifadə etdiyi telefon nömrəsi, mənzil elanının linki və onun özünə aid olduğunu iddia edərək göndərdiyi şəxsiyyət vəsiqəsinin fotosunun olduğu qeyd edilir.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməyi planlaşdırdığını və hadisənin ictimailəşdirilməsinin digər şəxslərin də oxşar halların qurbanına çevrilməsinin qarşısını almağa kömək edə biləcəyini bildirib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeini araşdırmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.