Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi

Gündəm / Cəmiyyət
6 Ekm 2026
17:40
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi


Bakının Səbail rayonunda “Lamborghini Urus” markalı avtomobillə təhlükəli manevrlər edən sürücü barəsində inzibati protokol tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 2026-cı ildə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Bulvarda baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü sürücü Hacı Həsənli Ramiz oğlu bazar dəyəri 630 min manat olan “Lamborghini Urus SE MY26 Plug-in Hybrid” markalı, -AV-* dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib.

Sürücünün hərəkəti zamanı avtomobilin təkərlərinin yol səthi ilə sürtünməsi nəticəsində səslər yaranıb. Hadisə “drift” kimi qiymətləndirilib.

Bununla bağlı Səbail Rayon DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edib. Həmin maddəyə əsasən, avtomobili qəflətən sürətləndirərək təkərlərin yol səthi ilə davamlı sürtünməsi nəticəsində səs yaradılması və ya yol səthində çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir. İş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə 2003-cü il təvəllüdlü, ali təhsilli, subay və işləyən Hacı Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilib.

Məhkəmə qərarında qeyd olunub ki, avtoxuliqanlıq hesab edilməsi üçün hərəkətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi əlamətlər mövcud olmayıb.