“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipotekanın şərtləri heç də bütün hallarda eyni deyil.
Dövlət xətti ilə təqdim olunan ipoteka kreditlərində faiz dərəcələri müəyyən çərçivədə saxlanıldığı halda, özəl şirkətlərin “daxili kredit” adı ilə təklif etdiyi mənzil satışlarında alıcının üzərinə düşən maliyyə yükü daha yüksək ola bilir.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət ipoteka proqramı çərçivəsində güzəştli ipoteka kreditləri illik 4 faiz, adi ipoteka kreditləri isə illik 7-8 faiz dərəcəsi ilə təqdim olunur. Lakin mənzil almağın alternativ yollarından biri olan şirkətlərin “daxili kredit”lə satışlarında faiz və yekun ödəniş məbləği fərqli hesablanır. Bu isə ilkin baxışda bank ipotekasına bənzəyən şərtlərin əslində alıcı üçün daha baha başa gəlməsinə səbəb ola bilər.
Məsələn, ölkənin aparıcı şirkətlərindən biri olan “Kristal” şirkətinin “daxili kredit” adı ilə təklif etdiyi satış şərtləridə mənzil üçün ödəniləcək yekun məbləğ onun ümumi dəyərindən dəfələrlə çox olur.
Hazırda “Kristal” şirkətinin Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən “Park Əcəmi” yaşayış kompleksində satılan 66 kvadrat metr sahəsi olan 2 otaqlı mənzilin ümumi dəyəri 207 min 239 manat təşkil edir. Əgər bu mənzili 30% ilkin ödənişlə (62 172 manat) və 20 il (240 ay) müddətinə “daxili kredit” şərtləri ilə satın alsaq yekunda ödəyəcəyimiz məbləğ 470 min 172 manat olacaq. Göründüyü kimi, “daxili kredit” şərtilə satın alınan mənzil üçün ödənilən məbləğ dəyərindən təxminən 2,3 dəfə çox olacaq.
Eyni mənzili dövlət tərəfindən verilən ipoteka krediti ilə alsaq, mənzil üçün ödəyəcəyimiz yekun məbləğ 335 min manat olacaq.
Onu da bildirək ki, eyni göstəricilərə malik mənzilləri qeyd olunan ərazidə daha ucuz qiymətə satın almaq mümkündür. Məsələn, hazırda Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən və yeni tikilən yaşayış binalarında satılan 55-65 kvadrat metr sahələri olan 2 otaqlı mənzillər 150-180 min manata təklif olunurlar.
Yeniavaz