Səhiyyə sistemində müalicəyə ehtiyacı olan vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri yalnız xəstəliyin özü deyil, həmin xəstəliyin müalicəsi üçün hansı dövlət qurumuna müraciət etməli olmasıdır.
Bizimesr.info redaksiyasına daxil olan müraciətlərdə vətəndaşlar TƏBİB və Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra "yox" cavabı alaraq, ölümlərini gözləyirlər.
Müraciətlərdə xüsusilə dövlət tibb müəssisələrində müalicəsi və ya əməliyyatı mümkün olmayan xəstəliklərlə bağlı vəziyyət diqqət çəkir.
“Bu müalicə bizim səlahiyyətimizdə deyil”
Vətəndaşların bildirdiyinə görə, bəzi hallarda TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edən xəstələrə xəstəliyin müalicəsi və ya əməliyyatının mövcud imkanlar və müvafiq xidmət kodları çərçivəsində həyata keçirilməsinin mümkün olmadığı bildirilir. Belə vəziyyətdə xəstənin qarşısında ciddi problem yaranır.
Xüsusilə müalicə özəl klinikalarda və ya xarici ölkələrdə mümkündürsə, lakin xəstənin həmin xərcləri qarşılamağa maddi imkanı yoxdursa, vətəndaş faktiki olaraq çıxılmaz vəziyyətdə qalır. Məsələ daha da həssas xarakter alırsa, söhbət azyaşlı uşağın, gəncin və ya təxirəsalınmaz müalicəyə ehtiyacı olan şəxsin sağlamlığından gedirsə, bu daha həssasdır..
9103-ə zəng edən vətəndaş nə ilə qarşılaşır?
Redaksiyaya daxil olan müraciətlərdən birində vətəndaşın Səhiyyə Nazirliyinin 9103 qaynar xəttinə müraciət etdiyi bildirilir. İddialara görə, qaynar xəttdə vətəndaşdan problemin mahiyyəti barədə məlumat alındıqdan sonra sənədlərlə birlikdə nazirliyə müraciət etməsi istənilir. Vətəndaş da bunun əsasında bölgədən Bakıya gəlir, yol və digər xərclər çəkir, Səhiyyə Nazirliyinə müraciət edir.
Lakin müraciətdən sonra ona yenidən TƏBİB-ə müraciət etməsi tövsiyə olunur.
Əgər vətəndaş artıq TƏBİB-ə müraciət edib və rəsmi olaraq müalicə və ya əməliyyatın TƏBİB-in imkanları çərçivəsində mümkün olmadığı barədə cavab alıbsa, Səhioyyə Nazirliyi həmin vətəndaşə niyə yenidən TƏBİB-ə göndərilir?
TƏBİB “mümkün deyil” deyirsə, növbəti mərhələ nədir?
Səhiyyə sistemində vətəndaşın bir quruma müraciət edib “bu xidmət bizdə mümkün deyil” cavabı alması son mərhələ olmamalıdır. Əsas məsələ bundan sonra dövlətin hansı mexanizmi işə salmasıdır. Müalicə dövlət tibb müəssisəsində mümkün deyilsə, xəstəyə alternativ dövlət mexanizmi təqdim edilirmi? Müalicə özəl tibb müəssisəsində mümkündürsə, dövlət tərəfindən bunun maliyyələşdirilməsi üçün hansı prosedur mövcuddur? Xəstənin xaricdə müalicəyə ehtiyacı varsa, bununla bağlı hansı dövlət mexanizmi tətbiq olunur?
Və ən əsası, vətəndaş bütün bu sualların cavabını haradan almalıdır?
Səhiyyə Nazirliyinin rolu nədən ibarətdir?
Burada Səhiyyə Nazirliyi ilə TƏBİB arasındakı səlahiyyət bölgüsü məsələsi də ortaya çıxır. Vətəndaş üçün isə bu bölgünün texniki tərəfi ikinci dərəcəlidir. Xəstə üçün əsas məsələ müalicə almaqdır. Əgər bir qurum vətəndaşa “bizdə mümkün deyil” deyirsə, digər qurum isə onu yenidən həmin quruma yönləndirirsə, vətəndaşın qarşısında real həll mexanizmi yalnız "ölmək" qalır.
Bu vəziyyət xüsusilə maddi imkanı olmayan xəstələr üçün daha ağır nəticələr yaradır.
Qanun nə deyir?
Azərbaycan qanunvericiliyində vətəndaşların tibbi yardım almaq hüququ, dövlət tərəfindən göstərilən tibbi xidmətlərin çərçivəsi və icbari tibbi sığorta mexanizmləri müəyyən edilib.
Əgər xəstənin ehtiyacı olan müalicə dövlət tibb müəssisəsində göstərilmirsə və vətəndaşın həmin müalicəni öz hesabına ödəməyə imkanı yoxdursa, dövlətin qarşısında hansı hüquqi və institusional mexanizm dayanır?
Bu suala sadəcə “TƏBİB-ə müraciət edin” cavabı kifayət etmirmi? Əgər vətəndaş artıq TƏBİB-dən rəsmi cavab alıbsa, Səhiyyə Nazirliyinin qaynar xəttindən ona real həll mexanizmi təqdim olunmalıdırmı? Bu sualların cavabı həm xəstələr, həm də onların yaxınları üçün həyati əhəmiyyət daşıyır.
Problem qurumlar arasında qalanda xəstə nə etməlidir?
Səhiyyə sistemində səlahiyyət bölgüsünün vətəndaş üçün anlaşılmaz olması ayrı məsələdir. Lakin nəticədə xəstə bir qurumdan digərinə göndərilir, vaxt itirir, əlavə xərc çəkir və müalicənin gecikməsi riski ilə üzləşir.
Bizimesr.info olaraq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin və TƏBİB-in mövqeyini öyrənməyə və konkret suallara cavab almağa hazırıq.
Bizimesr.info