""Lombardlar haqqında" qanun layihəsini dörd ildir KİMLƏR YUBADIR? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət
4 Tem 2022
11:41
""Lombardlar haqqında" qanun layihəsini dörd ildir KİMLƏR YUBADIR? - ARAŞDIRMA


Son illər Azərbaycanda lombardların qoyulan girovu it-bata saldığına dair çoxsaylı şikayətlər eşidilməkdədir. Qanunvericilikdəki boşluqlar onlara vəziyyətdən sui-istifadə edərək vətəndaşlarını soymağa şərait yaradır. Odur ki, ölkədə lombardlarla bağlı yeni qanunvericilik bazasının yaradılmasına qərar verilib. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.

Korrupsiyaxeber.info xəbər verir ki, Sputnik Azərbaycan yeni qanunun lombardların fəaliyyətində nəyi dəyişəcəyini araşdırıb.
Lombardların fəaliyyətinə dövlət nəzarət edəcək

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardların fəaliyyətinin qanunvericilik baxımından təkmilləşdirilməsi vətəndaşların hüquqlarının qorunması üçün vacibdir. Çünki əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var.
Onun sözlərinə görə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq.
Qanunun qəbulunu kimlər yubadır?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardların fəaliyyəti ilə bağlı çoxsaylı narazılıqlar var. Buna səbəb lombardların fəaliyyətinin tam nəzarətsiz olmasıdır:
""Lombardlar haqqında" qanun layihəsi dörd ildir ki, Mili Məclisdə müzakirə olunsa da, qəbul olunmur. Çünki, bu qanunun qəbulu müəyyən şəxslərə sərf etmir. Buna görə də qanunun qəbuluna mane olurlar. Bu gün lombardların fəaliyyətində böyük qanunsuzluq hökm sürür".
Ə.Həsənov bildirir ki, lombardların fəaliyyətinin qanunla tənzimlənməməsinin zərəri vətəndaşlara dəyir. Lombardlar vətəndaşlardan götürdükləri girovdan istədikləri kimi istifadə edirlər:
"Girov gah dəyişdirilir, it-bat olur. Yaxud da girov müqabilində alınan pulu iki gün gecikdirdikdə, özbaşına girovu satırlar. Halbuki, qanuna görə lombard pulu götürən vətəndaşı məhkəməyə verməli, girov açıq hərraca çıxardılaraq satılmalıdır. Amma lombardlar bu tələblərin heç birinə əməl etmirlər".
Lombardların fəaliyyətinə lisenziya veriləcək
Ə.Həsənovun sözlərinə görə, lombardlarla bağlı ən çox şikayətlər onların girovu qəbul etdikdən sonra aradan çıxması ilə bağlıdır.
"Lombardların fəaliyyətinə lisenziya verilməlidir. Lombardların üzərində nəzarət olmalı, onlara qarşı kapital tələbi olmaldır. Yeni qanunun qəbulu lombardlardakı bu özbaşınalıqların aradan qaldırılacağına ümid yaradır", - ekspert deyib.
Faizlər aşağı düşəcəkmi?
Ə.Həsənov "Lombardlar haqqında" qanun layihəsinin qəbulunun faizlərin aşağı düşməsinə təsirinin gözlənilmədiyini bildirir.
Onun sözlərinə görə, Azərbaycanda ilkin kreditorlar banklardır. Bank faizləri aşağı düşmürsə, lombardlardan faizi aşağı salmağı gözləmək yersizdir.
Bu il qanun qəbul olunacaq
Milli Məclisdə "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, "Lombardlar haqqında" qanun layihəsi istənilən halda 2022-ci ildə qəbul olunacaq. Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.
"Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır", - deyə T.Mirkişili qeyd edib.
O, həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq. "Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır", - deyə T.Mirkişili qeyd edib.