Diaspor işi: “pripiska” yox, ƏMƏLİ İŞ! - İNCƏLƏMƏ...

Gündəm / Siyasət
5 Ara 2022
09:05
Diaspor işi: “pripiska” yox, ƏMƏLİ İŞ! - İNCƏLƏMƏ...


Yazdığım bu yazı, qarşıdakı həmrəylik günümüzlə bağlıdır. Elə bil həmrəylik ki,
neçə on illiklərdir düşüncəmizdə və arzularımızda həmin HƏMRƏYLİYİ
arzulayırıq. Həmrəylik üçün atılması vacib olan, amma hələ də gözə görünməyən
əməli işlər barədə yazıram. O işlər ki, dünyanın bu çağında güclü Azərbaycan üçün
görülməsi çox-çox vacib olan işlərdir. Həmrəylik, Dünya azərbaycanlılarının bir
yumruq kimi birləşməsi və bir ürək kimi döyünməsi üçün bu işləri reallaşdırmaq
lazımdır. Başdansovdu, formal, “pripiska” üsullu, əlamətdar günlərdə beş-on
səfirlik personalını zala yığıb “tədbir keçirmək” əvəzinə REAL İŞ GÖRMƏK!.

Bir faktı özəlliklə qeyd edəcəm: son illərdə xarici ölkələrin ictimai və siyasi
dairələrində Azərbaycana qarşı yaranan çox müsbət münasibət ilk növbədə ölkə
Prezidentinin dəqiq və düşünülmüş strateji siyasətinin nəticəsidir. Azərbaycan
dövlətinin mövqeyi, ölkəmin iqtisadi rıçaqları, ölkə liderinin hədəfi dəqiq vuran
strateji siyasət kursu, həm də Azərbaycanın əlində böyük iqtisadi və siyasi “silaha”
çevrilən qaz faktoru. Bu sadaladıqlarım artıq bütün dünyada bizim ən önəmli
diaspor “silahımıza” çevrilib. Bəs Avropanın beşiyindəki diasporlarımız, təşkilat
və birliklərimiz necə, diplomatik və siyasi dildə desək “güllə gilizi qədər” bu
siyasətdə yer alırlarmı?,-bax əsas məsələ budur.
İllərdir Azərbaycan dövləti xaricdə, dünya siyasətinin aparıcı ölkələrində diaspor
qurmaq üçün milyonlar deyil, neçə-neçə on milyonlar ayırır, amma ortada xalq və
dövlət olaraq bizim gözlədiyimiz İŞ YOXDUR!.
Nədir gözlədiyimiz?,- dünyanın nüfuzlu və aparıcı ölkələrində mövqelərimizi
gücləndirmək, həmin ölkələrin cəmiyyətlərində söz sahibi olan insanlarla səmərəli
əməkdaşlıq qurmaq, o cəmiyyətlərə Azərbaycan həqiqətlərini çatdırmaq və onların
Azərbaycanın haqq işində mühüm dəstəyini qazanmaq, orda yaşayan BÜTÜN
AZƏRBAYCANLILARI bir yerə toplamaq, onların əsl həmrəyliyinə nail olmaq!.
Bizim gözlədiyimiz bunlardır. Gözlədiyimizi alırıqmı?,- yox, hələ bu gözləntidən
uzaqıq. Çevik, dünya siyasətinin aparıcı qüvvələri ilə möhkəm əlaqələr qurub
Azərbaycanın maraqları naminə yararlanacağımız diaspor ən böyük xəyalımızdır.
Düzdür, son illər irəliləyiş üçün ümidlər var, amma konkret hədəflərə çatmaq üçün
qarışqa zəhməti ilə çalışmaq lazımdır. Biz Avropada çox güclü, çox köklü, gələcək
əsrlərdə Azərbaycana dayaq duracaq lobbi yaratmalıyıq əzizlərim. Biz bu işi
mütləq görməliyik. Çünki dünya siyasətindəki uğur hədəfi üçün güclü və çevik
diaspor işinin çox böyük önəmi var. Avropanın aparıcı siyasi və beyin
mərkəzlərində mükəmməl, köklü və böyük təsir rıçaqlarına sahib olan Azərbaycan
diasporunun yaradılması, gələcək yüzillikdə ölkəmiz üçün çox-çox önəmlidir.
Lobbi siyasəti uzun yüzilliklər dünya siyasəti üçün mühüm faktor olaraq qalacaq,
bunu qəti unutmaq olmaz!.
Həm də məsələ beş-on ilin məsələsi deyil, gələcək on illiklərin məsələsidir. Dünya
siyasətində öz çəkisi olan aparıcı ölkələrin cəmiyyətlərində nüfuzlu ictimai
xadimlər arasında və yerli mediada böyük dəstəyi olan güclü diaspor yaratmaq
üçün, ilk növbədə həmin ölkələrin əsas beyin mərkəzləri və nüfuzlu media
orqanları ilə sıx işləmək çox-çox önəmlidir. Bu, diaspora siyasətinin əsas açarıdır.
Bu mühüm məqsəd Avropa ölkələrində yoldan ötən insanlara restoran vizitkası
paylayırmış kimi broşuralar paylamaqla, anım tədbirlərində səfirliklərin texniki və
təmizlik əməkdaşlarını zala yığıb saxta görüntü yaratmaqla başa gələn iş deyil
cənablar!.
Və sonda bir məsələyə də çox ciddi diqqət etməliyik. Dünya azərbaycanlıları
olaraq, xarici ölkələrdə bir yumruğa vurmaq üçün, həm də uzun əsrlərdir bizimlə
“yol gələn” mənfi ənənələrə son qoymalıyıq. El dilində desək, qabağa gedənin
ətəyindən çəkib geri dartmaq, inkişaf edənə badalaq vurmaq, öz içimizdən səslənən
ağıllı bir fikri novruzəli sayaq lağlağa edib, eləcə özümüzün “qəbrini qazmaq”
işinə son qoymalıyıq. Gəlin unutmayaq: düşmən tətikdədir, bizim hər bir
uğurumuzu məhv etmək üçün bütün ərslərdə fürsət axtarıb, elə indi də fürsət
axtarır. Gəlin yalandan, saxta “tədbirlər” keçirmək, “pripiska” üzərində həmrəy
olmayaq. Gəlin bir-birimizə sarılaq, bir-birimizə arxa duraq, bir-birimizi ürəkdən
sevək, gəlin ÜRƏKDƏN HƏMRƏY OLAQ!

Mətləb Salahov - DİA.AZ