Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
Şamaxı Rayon İcra Hakimiyyəti növbəti tenderinin nəticələrini açıqlayıb.
Yeni müsabiqəyə əsasən Şamaxı şəhərində yolların əsaslı təmiri işləri həyata keçiriləcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “VNM İNŞAAT” MMC olub. İcra Hakimiyyəti şirkətlə 486 min 907 manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, “VNM İNŞAAT” əksər rayonların İcra Hakimiyyətlərinin tenderlərinin qalibi olub. Şirkət Masallıdan tutmuş, Salyana, oradan da Gəncə və digər bölgələrdə abadlıq və yolçəkmə işləri həyata keçirib.
Lakin şirkətin sahibinin kimliyi məsələsi hələ də müzakirə mövzusudur. Belə ki, “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. “VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bildirək ki, “VNM İnşaat” MMC-nin yerləşdiyi hüquqi ünvanda başqa bir şirkət də qeydiyyatdadır. Bu şirkətin adı “VNM İnvest” MMC-dir. Araşdırmalarımız zamanı məlum olub ki, Vüqar Nağıyev vaxtilə “VNM İnvest” MMC-yə də rəhbərlik edib. Bundan başqa, o, “VNM Servis” MMC-nin də qanuni təmsilçisi olub.
Bu səbəbdən də onun şirkətin əsl sahibi olması ilə bağlı şübhələr yaranıb. Yəni, Vüqar Nağıyevin sadəcə, icraçı olması barədə fikir mövcuddur.
Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.Tribuna.az