Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı ictimai tənqidlər və narazılıqlar artmaqda davam edir. Media və vətəndaşlar qurumun işi haqda müxtəlif iradlar səsləndirsə də, AYNA bu məsələlərə münasibətdə susqunluğunu qoruyur. İctimai narazılığın artmasına baxmayaraq, qurumun konkret addımlar atmaması sual doğurur.
Səbəb nədir? AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev, ümumiyyətlə qurum niyə ictimai etirazı və xalqın rəyini nəzərə almır?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, AYNA-nın fəaliyyəti genişmiqyaslı nəqliyyat infrastrukturunun idarə olunması, bu xidmətlərin vətəndaşlar üçün əlçatan və rahat şəkildə təmin edilməsinə nail olmaqdan ibarətdir:
“Təəssüf ki, AYNA şəhərdaxili nəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkilində hələ ciddi irəliləyişə nail ola bilməyib. Bunun bir neçə səbəbi var. İlk növbədə, AYNA qanunvericiliklə tənzimləyici qurum kimi daşıyıcı şirkətlərin fəaliyyətini tənzimləyir. Burada onların maliyyə imkanları və digər amillər mühüm rol oynayır. Sərnişinlər avtobusların gecikməsi, marşrutlarda intervalın pozulması, avtobusların həddindən artıq yüklənməsi, kondisionerlərin işləməməsi və sürücülərin davranışı ilə bağlı davamlı şikayətlər səsləndirirlər. Bu baxımdan AYNA-nın əsas vəzifələrindən biri yalnız yeni avtobusların gətirilməsi deyil, həm də daşıyıcıların gündəlik fəaliyyətinə real və effektiv nəzarətin təmin olunmasıdır. Özəl sektorun maliyyə imkanları artdıqca daha komfortlu və müasir avtobusların sayını artırmaq, eləcə də marşrutlarda intervalları azaltmaq mümkündür. Lakin hazırda bu istiqamətdə ciddi problemlər qalmaqdadır. Vətəndaş şikayəti daxil olduqdan sonra problemin sadəcə qeydiyyata alınması kifayət etmir. Həmin marşrut üzrə monitorinq aparılmalı, daşıyıcıdan izahat alınmalı və pozuntu təsdiqlənərsə, konkret tədbir görülməlidir. Əks halda, sərnişində belə təsəvvür yaranır ki, şikayət edir, amma nəticə dəyişmir. Yəni AYNA-nın ictimai nəqliyyata nəzarəti kağız üzərində yox, sərnişinin gündəlik təcrübəsində hiss olunmalıdır”.
İB sədri bildirib ki, parklanma sahəsində də narazılıq doğuran məsələlər var:
“Xüsusilə parklanma ödənişlərinin mobil operatorların balansında olan vəsait hesabına həyata keçirilməsi suallar yaradır. Bu baxımdan, daha uyğun alternativ mexanizmin tətbiq olunması məqsədəuyğun olardı. Mobil tətbiqlərin işində də zaman-zaman problemlər yaranır. Alternativ ödəniş imkanlarının məhdud olması və parklanma tariflərinin yüksəkliyi vətəndaşların narazılığına səbəb olur”.
Ekspert qeyd edib ki, digər problem isə parklanma müddətinin hesablanması ilə bağlıdır:
“Məsələn, vətəndaş avtomobilini bir saatlıq saxlayırsa və müddət bitdikdən cəmi 30 saniyə sonra avtomobilini ərazidən çıxarırsa, həmin müddətə görə də növbəti bir saatın ödənişi tutulur. Bu isə ədalətsiz yanaşma kimi qiymətləndirilə bilər. Belə vəziyyətdə avtomobil bir neçə saniyə sonra ərazidən çıxarılır və həmin parklanma yerindən dərhal başqa nəqliyyat vasitəsi istifadə edir. Nəticədə eyni parklanma yerindən qısa müddət ərzində bir neçə dəfə ödəniş əldə etmək mümkün olur. Bütün bunlar vətəndaşlar arasında ciddi narazılıq yaradır. AYNA-nın səlahiyyətlərinə daxil olan parklanma, cərimələrin tətbiqi, eləcə də sərnişindaşımanın təşkili sahələrində daha çevik, şəffaf və vətəndaş məmnuniyyətini təmin edən mexanizmlərin tətbiqinə ehtiyac var”.