Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...

Gündəm
15 Eyl 2026
14:45
  Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat vermişdik.
 
Gununsesi.info -nun özəl mənbələrdən əldə etdiyi yeni məlumatda cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.
 
Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
 
Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.
 
Bu işlə bağlı diqqətiçəkən daha bir məqam isə “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.
 
Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.
 
İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.
 
***
 
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.
 
Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
 
Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.
 
Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb.
 
Onların da məhkəmədə ifadəsi dinləniləcək.
 
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
 
Həmçinin digər bir məlumata görə, məhkəmədə ifadə verənlər arasında Eldar Namazov və Sərdar Cəlaloğlu da var.
 
Əməkdaşımız məsələ ilə bağlı Sərdar Cəlaloğlu ilə də əlaqə saxlayıb.
 
Lakin o, sözügedən məlumatı təkzib edib:
 
“Mən bu məsələ ilə bağlı heç bir ifadə verməmişəm”, – deyə o bildirib.