“Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO

Sosial
16 Eyl 2026
16:53
“Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO

Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub.

Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir. Həmin ünvanda əvvəllər “Daş abidə”nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətdə qalan ərazidə təxminən bir ay əvvəl abadlıq işlərinin aparılacağı bildirilsə də, sonradan burada ictimai-iaşə obyektinin tikintisinə başlanılıb.

Hazırda ərazi hasarlanıb, sürətli tikinti işləri gedir. Tikintinin qarşısında obyektin sifarişçisi, təyinatı və tikintiyə icazə barədə məlumatların əks olunduğu hər hansı lövhə yoxdur. Ərazidə konkret olaraq hansı obyektin tikildiyi də məlum deyil.Məlumata görə, burda avtomobillərin təmiri üçün sexlər, yuxar mərtəbələrdə isə kafe, restoran olacaq.

Bizimesr.media bildirir ki, sözügedən tikinti ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğular göndərilib.

Lakin material hazırlanarkən qurumlardan sorğulara cavab daxil olmayıb. Digər tərəfdən, ərazidə əvvəllər parkın olması və hazırda həmin sahədə tikinti aparılması ilə bağlı suallar yaranır.

Əcəba, Fərhad Babayev küçəsində “Daş abidə”nin yerləşdiyi parkın ərazisində nə tikilir? Bu tikintiyə hansı qurum tərəfindən icazə verilib?Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bu tikinti ilə bağlı hər hansı məlumatı və ya əlaqəsi varmı? Məsələ ilə bağlı aidiyyəti qurumların və Anar Quliyevin mövqeyini dərc etməyə hazırıq.

Videonu təqdim edirik. https://bizimesr.media/az/post/das-abide-parkinin-yerini-kim-alib---anar-quliyev-icaze-verib---video-23319